• Telefon: 055/050/051-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

"Azəravtoyol"un adı dəyişdi – ASC-dən Agentliyə çevrildi

"Azəravtoyol" ASC “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” adlı publik hüquqi şəxsə çevrilib. Avtosfer.az-ın məlumatına görə, sadəcə kommersiya-təsərrüfat qurumu yox, artıq ümumi hüquqi yurisdiksiyalara da (dövlət orqanına oxşar) malikdir. Belə ki, oktyabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki,  Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində sistemli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə yerli və xarici investisiyalar üçün əlverişli şərait yaradılmış, iqtisadiyyatın strukturu təkmilləşdirilmiş, investisiya qoyuluşları və irimiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdir. Son illərdə ölkədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilib. Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb, yol qovşaqları, körpülər tikilib təmir edilib və digər modernləşdirmə işləri aparılıb. Qeyd olunan işlərin həyata keçirilməsi avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarətin təmin edilməsi ilə bağlı dövlət siyasətinin və tənzimləməsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində islahatların davam etdirilməsini zəruri edir.

Prezident ölkənin avtomobil yolları sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, həyata keçirilən işlərin səmərəliliyini artırmaq və sistemliliyini təmin etmək məqsədi ilə qərara alıb ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

Müəyyən edilsin ki:

2.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsini, istismarını, bərpasını, təmirini, yenidən qurulmasını və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, o cümlədən yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır;

2.3. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi;

3.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.1.3. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. illik maliyyə hesabatlarının təsdiq edilməsi;

3.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

3.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

3.3. Agentliyə:

3.3.1. işçilərin say həddinin və əməkhaqlarının müəyyənləşdirilməsi;

3.3.2. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentlik publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

6. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Mənbə: 

http://avtosfer.az/news/44828

Elmin

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN