• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Yanacağa qənaət üçün necə sürməli? – SINANMIŞ QAYDALAR

Yanacağa qənaət üçün necə sürməli? – SINANMIŞ QAYDALAR

Avtomobil icad olunandan yanacağa qənaət məsələsi həm istehsalçı, həm də istehlakçıları düşündürür. Yanacaq sərfi 3 litri keçməyən moped sürücüsü də, 20 litr yanacaqla 100 km yolu gedə bilməyən bahalı modellərin sürücüləri də yanacağa qənaət barədə fikirləşir və özünəməxsus metodlar tapırlar.

Bəs qənaətcil sürüş rejimi üçün nə etmək lazımdır? Avtosfer.az sınanmış metodların bəzilərini sizə təqdim edir.

Avtomobilin yanacaq sərfini azaltmaq üçün birinci şərt onun saz olmasıdır. Mühərrikdə problem olduğu təqdirdə yanacaq sərfinin artması labüddür. Bakı kimi tozlu şəhərlərdə yanacaq sərfini azaltmaq üçün hava və yanacaq filtrlərinin tez-tez dəyişdirilməsi zəruridir. Rus saytlarının birinin apardığı hesablamaya görə, Avropada 60 000 km xidmət edə bilən hava və ya yanacaq filtri MDB-də ömrünü cəmi 10 000 km-də başa vurur. Praktikada isə biz insanların bu filtrləri bəzən illərlə dəyişmədiyinin şahidi oluruq. Səbəbini də “Jiquli”də illərlə filtr dəyişməməklə izah edirlər. Filtrlərin vaxtaşırı dəyişdirilməsi dizel və injektor mühərriklərində forsunka təmizləmək kimi riskli (çox vaxt da lüzumsuz) işdən qaçmağa imkan verir. Yeri gəlmişkən, avropalı sürücülərin əksəriyyəti üçün forsunka təmizlətmək, injektor yuduzdurmaq anlayışı naməlumdur.

 Benzin mühərriklərində alışdırma şamlarının təzələnməsi həm mühərrikin gücünü artırır, həm də yanacaq sərfini aşağı salır (platin başlıqlı şam qoyularsa daha gözəl nəticə alınar).

Şinlərin keyfiyyətli, təzyiqin normal olması da yanacaq sərfinə təsir edir. Təzyiqin 2-dən 1.5 Kpaskala düşməsi yanacaq sərfini 3%-dək artırır. Təkərlərin mövsümə uyğun seçilməsi və təkərlərin düzgün balanslanması da zəruridir.

Avtomobildə daşınan lüzumsuz yüklər də sürücünün cibinə təsir edir. 50 kq əlavə yük yanacaq sərfini təqribən 2% artırır (modeldən asılı olaraq).

Avtomobilin yanacaq sərfinə təsir edən faktorlardan biri də aerodinamikadır. Yanacaq sərfinin az olması üçün konstruktorlar avtomobillərin havaya müqavimətini azaltmağa çalışırlar. Lakin sürücülər gündəlikdə özləri də bilmədən avtomobilin aerodinamik quruluşuna xələl gətirirlər. Avtomobili uzun müddət pəncərələri açıq şəkildə və ya üstdəki baqajla idarə etmək, Çinin əyalətlərində hazırlanmış qeyri-standart spoylerlər taxmaq  yanacaq sərfini əhəmiyyətli dərəcədə artırır.

Kondisionerdən istifadə edilərkən yanacaq sərfi 10%-dək arta bilər. Bu fərq benzin mühərrikdə daha tez hiss olunur.

Yanacaq sərfini azaltmaq üçün kəskin manevrlərdən, qəfil tormozlamadan qaçmaq lazımdır. Kəskin tormozlama zamanı təkrarən sürət yığmaq üçün mühərrik böyük dördə işləməyə məcbur olur ki, bununla da sərfiyyat artır.

Pik saatlarında tıxacda gözləyərkən də yanacaq sərf olunur. 

Az sərfiyyat üçün vacib şərtlərdən biri də, sürücülük vərdişidir. Avtomobili yerindən ehtiyatla hərəkətə gətirilərsə, optimal sürət rejimi seçilərsə həm sərfiyyat azalar, həm də təhlükəsizlik təmin edilmiş olar. Əksər modellər üçün optimal sürət 80-100 km/saat arasında dəyişir. 

Bir dəqiqədən artıq müddətə dayandıqda mühərriki söndürmək tövsiyyə olunur.

Şəxsi müşahidələrimiz zamanı Bakıda bir çox bahalı avtomobil sahiblərinin yanacağa qənaət etmək üçün yayda kondisionerdən istifadə etmədiklərinin şahidi olduq.

Ümumilikdə isə mühərrik həcmi və kütləsi az olan avtomobildə sərfiyyatın az olması fiziki qanundur. Bəzi hallarda isə zəif mühərrik də yanacaq sərfinin artmasına səbəb olur (bu da başqa bir yazının mövzusudur).

Əziz sürücülər! Yanacağa qənaət həm sizin maddi vəziyyətiniz, həm də bütün insanların sağlamlığı üçün zəruridir. Unutmayaq ki, 1 litr yanacağın silindrdə normal alışması üçün 15 litr hava tələb olunur. Hər sürücü ayda cəmi 1 litr yanacağa qənaət edərsə, ekologiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırmış olarıq.

PS. Araşdırma zamanı rus saytlarının birində yanacağa qənaət üçün maraqlı bir təklifə rast gəldik:  Yolda böyük yük avtomobili və ya avtobusun arxasınca (ara məsafəsi yaxın olmaq şərtilə) hərəkət edən minik avtomobilində yanacaq sərfi aşağı düşür. Səbəb yüksək sürətlə hərəkət edən yük avtomobili və ya avtobusun arxasında hava boşluğunun yaranması nəticəsində minik avtomobilinin havaya müqavimətinin azalmasıdır (aerodinamika). Bu metodun doğru olması nəzəri baxımdan şübhə doğurmur. Lakin biz bunu təcrübi olaraq nə sınamağı, nə də tətbiqini tövsiyə etmirik. İnsan həyatı bir neçə litr yanacaqdan daha üstündür.

Vüqar Yaşaroğlu


https://avtosfer.az/


скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer